Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən növbəti maarifləndirici təlim keçirilib.
Təlim Dövlət Məşğulluq Agentliyi ilə birgə təşkil olunub və Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində baş tutub.
“Əməyin mühafizəsi və qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusunda keçirilən təlimdə Dispanserin 34 əməkdaşı iştirak edib.
Təlim zamanı qeyri-formal məşğulluğun yaratdığı risklər, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Həmçinin əməyin mühafizəsinin əsas prinsipləri, elektrik və yanğın təhlükəsizliyi qaydaları, iş prosesində yarana biləcək təhlükələrin qarşısının alınması, eləcə də bədbəxt hadisələr zamanı ilkin tibbi yardımın düzgün və operativ göstərilməsi barədə məlumatlar diqqətə çatdırılıb.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.