Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Əməkhaqqının ödənilməsi formaları, qaydaları və əməkhaqqından tutulmalar”, “İş yerlərində əməyin mühafizəsi” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub.
Tədbirdə dövlət və qeyri-dövlət sektorunu təmsil edən 25 qurumdan 30-a yaxın nümayəndə iştirak edib. Xidmətin, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının və Dövlət Məşğulluq Agentliyinin əməkdaşları mövzular üzrə iştirakçılara məlumat veriblər.
Çıxışlarda əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əməkhaqqının ödənilməsinin forma və qaydaları, əməkhaqqından tutulmalar, eləcə də işəgötürənlərin bu sahədəki vəzifə və öhdəlikləri diqqətə çatdırılıb. Həmçinin əməyin mühafizəsinin norma, qayda və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və bu sahədə müəyyən edilmiş tələblər barədə ətraflı məlumat verilib.
Tədbirdə qeyri-formal məşğulluğun yaratdığı risklər və bu halların aradan qaldırılması istiqamətində görülən işlər də müzakirə olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.