Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə onlayn təlim keçirilib.
"Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi" mövzusuna həsr olunan təlim 15 müəssisəni təmsil edən 33 nəfər üçün təşkil olunub.
Təlimdə iştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, iş yerlərində mövcud risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması yolları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, elektrik avadanlıqlarından təhlükəsiz istifadə, yanğın zamanı davranış qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması və fərdi mühafizə vasitələrindən düzgün istifadə ilə bağlı praktiki tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.
Təlim zamanı əməyin mühafizəsi norma və qaydalarına riayət edilməsinin istehsalat qəzalarının və peşə risklərinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.