Naxçıvan Muxtar Respublikasında lift xidməti əməkdaşları üçün iş yerlərində əməyin mühafizəsi sahəsində maarifləndirici tədbir təşkil olunub.
Növbəti təlim “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr olunub.
Tədbir Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilib.
Təlimdə bir müəssisədən 23 nümayəndə iştirak edib. Təlimçilər təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, eləcə də bu sahədə qəbul olunmuş yeni standartlar barədə ətraflı məlumat veriblər.
Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçılara təqdim edilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.