Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində qənnadçı, şirniyyatçı, mühafizəçi və qazanxana maşinisti ixtisasları üzrə təhsil alan müdavimlər üçün iş yerlərində əməyin mühafizəsinə dair maarifləndirici təlimlər keçirilib.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən təşkil olunan təlim “İş yerlərində əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi, istehsalatda baş verən bədbəxt hadisələr və ilk yardım qaydaları” mövzusuna həsr edilib. Müxtəlif kurslar üzrə keçirilən üç görüşdə ümumilikdə 80 nəfər iştirak edib.
Təlimlər zamanı əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə iştirakçılara ətraflı məlumat verilib.
Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə təqdimat olunub.
Təlimlərin sonunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.