Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin rəhbərləri üçün iş yerlərində əməyin mühafizəsi mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub.
Sədərək Rayon Təhsil Şöbəsində təşkil olunan təlim “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusuna həsr edilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının, Sədərək Rayon Təhsil Şöbəsinin və onun tabeliyində olan 17 müəssisəni təmsil edən 18 iştirakçı iştirak edib.
Təlimçilər təqdimatlarla çıxış edərək əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin formalaşdırılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat veriblər.
Bundan əlavə, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri də iştirakçıların diqqətinə çatdırılıb. Təlimin sonunda suallar cavablandırılıb və iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.