Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən ENNA MMC-də “Vision Zero” konsepsiyası ilə bağlı təlim keçirilib.
Təlimdə müəssisənin rəhbər şəxsləri və əməkdaşları olmaqla, ümumilikdə 10 nəfər iştirak edib.
Tədbir zamanı “Vision Zero” yanaşmasının əsas prinsipləri, iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və bədbəxt hadisələrin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlər barədə məlumat verilib.
Həmçinin “Vision Zero”nun 7 Qızıl Qaydası və təhlükəsizlik göstəricilərinin qabaqlayıcı qiymətləndirilməsinə imkan verən 14 proaktiv göstərici izah olunub, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və təhlükəsiz iş mühitinin davamlı təkmilləşdirilməsi ilə bağlı praktiki nümunələr təqdim edilib.
Təlimin keçirilməsində əsas məqsəd əməkdaşların əməyin mühafizəsi sahəsində biliklərinin artırılması, təhlükəsiz davranışın təşviqi və müəssisədə təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsidir.
Əməyin mühafizəsi sahəsində maarifləndirici tədbirlər və təlimlər təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılması məqsədilə davam etdirilir.