Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər heyəti Novruz bayramı ərəfəsində əmək veteranlarını ziyarət edir, onların təcrübə və xatirələrini dinləyir. Bu dəfə 90 yaşlı əmək veteranı Plotnikova Yelena Petrovna ilə görüşülüb.
O, 1933-cü ildə Donetsk vilayətinin Konstantinovka şəhərində anadan olub. Atası hərbçi olduğu üçün 1949-cu ildə Bakı şəhərinə köçüblər. Y.Petrovna həmin vaxtdan Azərbaycanda yaşayır.
Qəhrəmanımız məktəbi bitirdikdən sonra kitabxanada işləməyə başlayıb. Eyni zamanda "Kitabxanaçılıq" xüsusi texnikomunda təhsil alıb. 43 il əmək fəaliyyəti ilə məşğul olan Y.Petrovna sadə kitabxanaçıdan kitabxana müdiri vəzifəsinə qədər yüksəlib. Uzun illər fəal əmək fəaliyyətinə görə Y. Petrovna əmək veteranı adına və ordeninə layiq görülüb.
Fəaliyyəti zamanı yüzlərlə məktəblinin ali məktəbə hazırlaşmasında, yüksək qiymətlərlə ali məktəbə qəbul olunmasında və Azərbaycanın inkişafında rol oynayan vətəndaşların yetişməsində böyük zəhməti olub. 1997-ci ildə əmək fəaliyyətini sonlandırıb və təqaüdə ayrılıb.
Qeyd edək ki, əmək veteranımıza "DOST" Mərkəzinin sosial xidmət işçiləri tərəfindən evində (səyyar) sosial xidmət göstərilir.
Xidmətin əməkdaşları əmək veteranımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, ona xoş arzularını ifadə edib. Onların gənclərimiz üçün örnək olduğu bildirilib.
Y.Petrovna göstərilən diqqətə görə təşəkkürünü bildirib. O bu gün Azərbaycanın hərtərəfli inkişafını görməkdən məmnunluq və qürur hissi keçirdiyini vurğulayıb.