Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəsinin rəhbəri Fatih Bilal Alodalının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində yaradılan Əməyin Mühafizəsi Mərkəzinin (Mərkəz) fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.
Xidmət rəisi Vəli Quliyev son illərdə Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan islahatlar, əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəsi ilə təşkil edilən görüşlərin ənənəvi hal aldığını, bu təcrübə mübadiləsinin hər iki ölkə üçün əhəmiyyətindən danışıb.
F.B.Alodalı ölkələrimiz arasında əmək və sosial müdafiə sahəsində əlaqələrinin daim genişlənməkdə olmasından, qarşılıqlı faydalı təcrübə mübadilələrindən məmnunluğunu ifadə edib.
Görüşdə hər iki qurumun nümayəndələri əməkdaşlığın və təcrübə mübadiləsinin xüsusi önəmə sahib olduğunu vurğulayıblar.
Ölkəmizdə bir neçə gün səfərdə olacaq nümayəndə heyəti Mərkəzin mövcud texniki bazası və əməkdaşları ilə tanış olacaq.