Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə son illər aparılan sosial islahatlar, innovativ həllərin tətbiqi və əldə olunan uğurlardan danışıb. Xidmət rəisi “Əmək və Məşğulluq” altsisteminin əhəmiyyətini qeyd edib, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin iş yerlərində əməyin mühafizəsi normalarının tətbiqində işəgötürənlərə dəstək göstərilməsi məqsədinə xidmət etdiyini bildirib.
Azərbaycan Respublikasında işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təmin edilməsinə nail olmaq üçün qanunvericiliyinin tələblərinin pozulması faktının aşkar edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hazırlanan “E-audit” sistemi təqdim edilib. Bildirilib ki, “E-audit” sisteminin tətbiqinin əsas məqsədi yoxlamalarda şəffaflığın və operativliyin artırılması, insan faktorunun və müfəttiş-işəgötürən təmasının azaldılması, resurslardan səmərəli istifadə və digər bu kimi məsələlərdir.
Qeyd edək ki, nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdədir.