Quba şəhərində işəgötürənlər üçün “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba–Xaçmaz regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektor üzrə 45 nəfər iştirak edib.
Çıxışlar zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunulub, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.
Təlimdə iştirakçılara analığın mühafizəsi, qadınların əmək hüquqları və iş yerlərində əməyin mühafizəsinin qanunvericilik çərçivəsində tənzimlənməsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri, əməyin mühafizəsi sahəsində görülən işlər və müəssisələrdə müvafiq standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək iştirakçıların diqqətinə çatdırılıb. Yeni qəbul edilmiş standartlar barədə də məlumat təqdim olunub.
Tədbirin sonunda iştirakçıların mövzularla bağlı sualları cavablandırılıb.