Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Saatlı şəhərində işəgötürənlər üçün “Əlilliyi olan şəxslərin əmək hüquqları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə təhsil, səhiyyə və yerli strukturların nümayəndələri, həmçinin Mil-Muğan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 130-dan çox nümayəndəsi iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbir zamanı müəssisə və təşkilatlarda əlilliyi olan şəxslərin əmək hüquqları, işəgötürənlərin bu sahədə öhdəlikləri barədə geniş məlumat verilib. Eyni zamanda, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu və iş yerlərində təhlükəsiz əmək mədəniyyətinin formalaşdırılması məsələləri müzakirə olunub.
Həmçinin çıxışlar zamanı iş yerlərində əməyin mühafizəsinin təşkili məsələlərinə toxunulub. Əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqinin iş yerlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsində rolu, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının əhəmiyyəti, eləcə də “Vision Zero” konsepsiyasının əsas prinsipləri diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzulara dair fikir mübadiləsi aparılıb.