“Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində növbəti tədbir Sabirabadda təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan regional şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Nazirliyin və onun tabeliyindəki qurumların nümayəndələri, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini, eləcə də regional şöbənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən dövlət və qeyri-dövlət sektorunu təmsil edən 85 müəssisə və təşkilatın 160-dan çox nümayəndəsi iştirak edib.
Tədbirdə Nazirliyin, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri mövzu ilə bağlı çıxış ediblər.
Görüşdə əmək qanunvericiliyi sahəsində son illərdə həyata keçirilmiş islahatlar, elektronlaşma sahəsində görülmüş işlər, Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, habelə Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə və işaxtaran vətəndaşlara təqdim etdiyi xidmətlər barədə ətraflı məlumat verilib.
Həmçinin əmək münasibətlərində qadınların rolu, qadınların əmək hüquqlarının təmin olunması və gender bərabərliyi prinsipinə riayət olunmasının vacibliyi vurğulanıb. İşə qəbul, əmək şəraitinin müəyyənləşdirilməsi, əməkhaqqının ödənilməsi və karyera yüksəlişi zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsinin zəruriliyi xüsusi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.