Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi, Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının əməkdaşları, dövlət və özəl müəssisələri təmsil edən 50-yə yaxın şəxs iştirak edib.
İştirakçılara “ƏMAS-ın imkanları və yeniliklər”, “İş yerlərində əməyin mühafizəsi” və “İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları” mövzularında təqdimatlar edilib.
Çıxışlar zamanı ƏMAS platformasının funksionallığı, son yeniliklər və təqdim etdiyi imkanlar, eləcə də mövcud vakansiyalar barədə ətraflı məlumat verilib.
Həmçinin iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları, yeni qəbul edilmiş dövlət standartları, məşğulluq sahəsində həyata keçirilən layihələr, “Vision Zero” yanaşmasının tətbiqi və Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti barədə iştirakçılar məlumatlandırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.