Salyan rayonunda işəgötürənlər üçün “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyindəki qurumların nümayəndələri, eləcə də dövlət və özəl sektoru təmsil edən 40 müəssisənin 113 nümayəndəsi iştirak edib.
Tədbirdə əmək qanunvericiliyi sahəsində son illərdə həyata keçirilmiş islahatlar, Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə təqdim etdiyi xidmətlər, habelə Azərbaycanın Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) qoşulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib.
Həmçinin qadınların əmək hüquqlarının təmin olunması, əmək münasibətlərində gender bərabərliyi prinsipinin qorunması, işə qəbul, əmək şəraiti, əməkhaqqı, vəzifə bölgüsü və karyera imkanları zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi barədə də məlumat verilib.
Əməyin mühafizəsi mövzusu üzrə isə bu sahədə qanunvericiliyin tələbləri, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və dövlət standartları barədə iştirakçılara ətraflı izahat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə ölkənin 14 iqtisadi rayonunu əhatə edən “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində keçirilib.