Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı regional şöbəsinin əməkdaşları Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş İsgəndərov Emil Vaqif oğlunun və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Səmid Xoşbəxt oğlu Əliyevin ailələrini ziyarət edib.
E.İsgəndərov döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə”, S.Əliyev isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Ailələrin sosial vəziyyəti ilə maraqlanılıb.
Bildirilib ki, bütün şəhid ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Ziyarət edilən ailələr də həm sosial ödənişlərlə, həm özünəməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.
Şəhidlərimizin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.