Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəkidə işəgötürənlər üçün “ƏMAS-ın imkanları və yeniliklər”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Nazirliyin strukturuna daxil olan digər qurumların, ictimai birliklərin nümayəndələri, eləcə də Xidmətin Şəki-Zaqatala regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 80-ə yaxın şəxs iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şəki-Zaqatala regional şöbəsinin rəisi Akif Əliyev Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb.
Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulanıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb.
Həmçinin tədbirdə Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı barədə ətraflı məlumat verilib və mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilib. Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə əmək qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan işlərdən bəhs olunub.
Sonda müvafiq mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.