Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlər üçün Şirvanda "Əmək münasibətlərində gender bərabərliyi-bərabər hüquqlar barədə imkanlar","Əmək məcəlləsində son edilmiş dəyişiklər","Uşaqların əmək hüquqları" mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nazirliyin və onun tabeliyindəki qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 100-ə yaxın şəxs iştirak edib.
Görüşdə sahə üzrə beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə həyata keçirilən islahatlar, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu istiqamətdə mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti, Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ-hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, eləcə də Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbirdə uşaqların əmək hüquqları və uşaq əməyinin istismarı mövzuları da müzakirə olunub, bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti və profilaktik yanaşmaların gücləndirilməsi zərurəti vurğulanıb.
Tədbirdə həmçinin Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı haqqında da məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.