Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən Siyəzən şəhərində işəgötürənlərlə görüş keçirilib.
Müzakirə formatında təşkil olunan görüşdə Əməyin Mühafizəsi Mərkəzinin nümayəndəsi əmək qanunvericiliyinin tələbləri, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, peşə risklərinin idarə olunması və iş yerlərinin attestasiyası barədə danışıb. Həmçinin əməyin mühafizəsi sahəsində yeni qəbul olunmuş dövlət standartları, onların müəssisələrdə tətbiqinin əhəmiyyəti, eləcə də istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə məlumat verilib. İştirakçılar Mərkəzin göstərdiyi xidmətlər, təlim proqramları, məsləhət və metodiki dəstək imkanları ilə də tanış olublar.
Görüş zamanı Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən məşğulluq tədbirləri, o cümlədən, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar üçün kvotadan əlavə iş yerlərinin yaradılması, sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi, özünüməşğulluq proqramı, məqsədli proqramlar və digər layihələr barədə ətraflı məlumat verilib, həmçinin işəgötürənlərlə əməkdaşlığın əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, işəgötürənlərin təklif və rəyləri dinlənilib.
Qeyd edək ki, görüşün əsas məqsədi regionda fəaliyyət göstərən işəgötürənlərin əmək qanunvericiliyi, məşğulluq və əməyin mühafizəsi sahələrində məlumatlılığının artırılması, eləcə də iş yerlərində təhlükəsiz əmək mühitinin təşviq edilməsi olub.