Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən SOCAR-ın "Neftqaztikinti" trestinin əməkdaşları üçün əməyin mühafizəsinə dair praktiki təlim keçirilib.
Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən "Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi işinin təşkili, əməyin mühafizəsi norma, qayda və prinsipləri" mövzusunda keçirilən təlimdə trestin 20 əməkdaşı iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, peşə risklərinin qiymətləndirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də bu sahədə qüvvədə olan dövlət standartları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, iştirakçılara "Vision Zero" konsepsiyasının əsas prinsipləri təqdim olunub, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Təlim çərçivəsində iş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, risklərin effektiv idarə olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı praktiki tövsiyələr də verilib.
Qeyd edək ki, təlimin məqsədi iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunması, peşə risklərinin vaxtında müəyyənləşdirilməsi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində əməkdaşların bilik və bacarıqlarının artırılması, həmçinin əmək təhlükəsizliyi sahəsində məlumatlılığın və profilaktik yanaşmanın gücləndirilməsidir.