Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunmasına dair növbəti maarifləndirici təlim “ATS Food” MMC-nin əməkdaşları üçün təşkil edilib.
Təlimdə müəssisənin 20-yə yaxın əməkdaşı iştirak edib. Sessiya zamanı Xidmətin və onun tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən əməyin mühafizəsi sahəsində qəbul edilmiş dövlət standartları, onların tətbiqi mexanizmləri, müəssisələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və risklərin idarə edilməsi istiqamətində vacib məsələlər izah edilib.
Bundan əlavə, istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi, işçilərin bilik və bacarıqlarının artırılması kimi mövzular da təlimin əsas müzakirə istiqamətlərini təşkil edib.
Qeyd edək ki, təlimin əsas məqsədi işəgötürənlərə və işçilərə əməyin mühafizəsi ilə bağlı mövcud qanunvericiliyin tələblərini çatdırmaq, layiqli və təhlükəsiz əmək şəraitinin yaradılmasına dəstək vermək, həmçinin istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsini gücləndirməkdir.