Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Tovuz şəhər Elxan Qasımov adına tam orta məktəbdə maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları”, “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib.
Tədbirdə Xidmətin Qazax-Tovuz regional şöbəsinin əməkdaşları, Nazirliyin digər tabeli qurumlarının region üzrə nümayəndələri, dövlət və özəl sektoru təmsil edən 100-dən çox şəxs iştirak edib.
Tədbir çərçivəsində iş vaxtının növləri, iş vaxtının rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları, eləcə də onlayn əmək müqaviləsinə keçidlə bağlı əsas məqamlar barədə məlumat verilib.
Bundan əlavə, “Qanunu bil, həyatı asanlaşdır” şüarı altında əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə geniş məlumat verilib. Bildirilib ki, aparılan islahatlar çərçivəsində bir sıra normativ hüquqi aktlara ümumilikdə 400-dən çox dəyişiklik edilib. Qəbul olunmuş dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması, habelə əmək bazarında şəffaflığın artırılmasıdır.
Eyni zamanda, dəyişikliklərin tətbiq mexanizmləri və praktik icrası izah olunub, iştirakçıları maraqlandıran məsələlər ətraflı şərh edilib, normativ tələblərin düzgün tətbiqi ilə bağlı izahatlar verilib.
Çıxışlar zamanı təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu və bu sahədə qəbul edilmiş yeni standartlar müzakirə olunub.
Tədbirdə, həmçinin gender bərabərliyinin təşviqi, qadınların qeyri-formal məşğulluğa qarşı maarifləndirilməsi və onların əmək hüquqlarının qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.