Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Vision Zero” (Sıfır Qəza): Yaşıl və Təhlükəsiz Gələcək üçün Strategiya” mövzusunda dəyirmi masa keçirilib. Tədbir 4 saylı DOST Mərkəzində baş tutub.
Görüşdə dövlət qurumlarının nümayəndələri, Azərbaycan Banklar Assosiasiyası (ABA) üzvü olan təşkilatların təmsilçiləri, eləcə də bir sıra iri sənaye, nəqliyyat və energetika şirkətlərinin nümayəndələri iştirak ediblər.
Xidmət rəisinin müavini İlqar Məmmədov iştirakçılara “Vision Zero” konsepsiyasının əhatə dairəsi, tətbiq olunan beynəlxalq metodologiyalar və əldə olunan nəticələr barədə geniş məlumat verib. Rəis müavini həmçinin sosial sahədə aparılan islahatları diqqətə çatdırıb. Əməyin mühafizəsi sahəsində işəgötürənlərə dəstək məqsədi daşıyan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət göstərdiyini, əmək sahəsində standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyətini qeyd edib. İ.Məmmədov həmçinin əmək hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, rəqəmsal islahatların tətbiqi istiqamətində Xidmət tərəfindən görülən işləri diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Xidmət əməkdaşları “Profilaktik Təhlükəsizlik Mədəniyyətinin Formalaşdırılması üçün Əməyin Təftişinin Təkmilləşdirilməsi”, “Əməyin Mühafizəsində Müasir Yanaşmalar: Rəqəmsallaşma, Standartlar və “Sıfır Qəza” Konsepsiyası” mövzularında təqdimatlarla çıxışlar ediblər.
Müzakirələr zamanı iş yerlərində əməyin təhlükəsizliyinin təmin olunması, rəqəmsallaşmanın tətbiqi, ekoloji risklərin idarə olunması, iqlim dəyişikliyinin təsirləri və “yaşıl keçid” prosesində qarşıya çıxan çətinliklərin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb
Tədbirin əmək bazarında təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, işçi hüquqlarının müdafiəsi və işəgötürənlərlə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Layihə çərçivəsində müxtəlif sahələrdə, xüsusilə də sənaye və nəqliyyat sektorunda “Sıfır Qəza” prinsiplərinin tətbiqi üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün keçirilməsində əsas məqsəd “Vision Zero” konsepsiyası barədə ictimaiyyəti məlumatlandırmaq, əməyin mühafizəsi və insan resurslarının idarə olunmasında qabaqlayıcı yanaşmaların təşviqinə dəstək göstərməkdir.