Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Xaçmaz rayonunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi”, “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib.
Tədbirdə Xidmətin Quba-Xaçmaz regional şöbəsinin əməkdaşları, dövlət və özəl sektoru təmsil edən 100-ə yaxın şəxs iştirak edib.
Tədbir çərçivəsində çıxış edənlər tərəfindən istirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər, eləcə də iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı ətraflı məlumat təqdim olunub.
Bundan əlavə, “Qanunu bil, həyatı asanlaşdır” şüarı altında əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə geniş məlumat verilib. Bildirilib ki, aparılan islahatlar çərçivəsində bir sıra normativ hüquqi aktlara ümumilikdə 400-dən çox dəyişiklik edilib. Qəbul olunmuş dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması, habelə əmək bazarında şəffaflığın artırılmasıdır.
Eyni zamanda, dəyişikliklərin tətbiq mexanizmləri və praktik icrası izah olunub, iştirakçıları maraqlandıran və ən çox sual doğuran məsələlər ətraflı şəkildə şərh edilib, normativ tələblərin düzgün tətbiqi ilə bağlı izahatlar verilib.
Çıxışlar zamanı təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu və bu sahədə qəbul edilmiş yeni standartlar müzakirə olunub.
Tədbirdə həmçinin gender bərabərliyinin təşviqi, xüsusilə qadınların qeyri-formal məşğulluğa qarşı maarifləndirilməsi və onların əmək hüquqlarının qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.