Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən şəhid ailələrinin ziyarəti davam edir.
Bu çərçivədə Xidmətin Quba-Xaçmaz regional şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidləri Rauf Fəxrəddin oğlu Babayevin, Şöhrət Cəfər oğlu Cəlilovun və Sərxan Osman oğlu Mirzəmmədovun ailələrinin ziyarətində olublar.
Rauf Babayev Xaçmaz şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Tapqaraqoyunlu kəndi və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şöhrət Cəlilov Xaçmaz rayonunun Gəncəli kəndində anadan olub. O, Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, Xocavənd rayonunun Zoğalbulaq və Düdükçü kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Kiçik çavuş Sərxan Mirzəmmədov Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndində anadan olub. O, Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ziyarət zamanı şəhidlərin şərəfli döyüş yolundan bəhs edilib, onların xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.