Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Zərdab Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində Zərdab rayonunda maarifləndirmə tədbirləri keçirilib.
Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən təşkil olunan 4 tədbirdə “Sülh və təhlükəsizlik – əmək insan həyatının təminatıdır”, “Qadınların və uşaqların əmək hüquqları”, “Məcburi əmək və insan alverinin qarşısının alınması”, “Qeyri-formal məşğulluğa qarşı mübarizə”, “İş yerlərində əməyin mühafizəsi, əməyin təhlükəsizliyi və gigiyena” mövzuları ətrafında məlumatlandırma aparılıb. Tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, aylığın keçirilməsində əsas məqsəd sülh və insan hüquqları arasındakı qarşılıqlı əlaqəyə dair ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, eləcə də dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərə cəlb olunmasının təşviq edilməsidir.
Əmək münasibətlərində qarşılıqlı hörmətin, sosial dialoqun, bərabərliyin və təhlükəsiz əmək mühitinin təşviqinin də sülh, həmrəylik və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb. Maarifləndirmə tədbirlərində Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən dövlət və özəl sektora aid müəssisə və təşkilatların ümumilikdə 500-ə yaxın nümayəndəsi iştirak edib.
Çıxışlar zamanı analığın mühafizəsi, qadınların və uşaqların əmək hüquqlarının təmin edilməsi, gender bərabərliyi, məcburi əməyin və insan alverinin qarşısının alınması ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, iş yerlərində əməyin mühafizəsinin təşkili, əməyin mühafizəsi üzrə norma, qayda və prinsiplər, iş yerlərinin attestasiyasının keçirilməsi, həmçinin bu sahədə tətbiq olunan dövlət standartları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Əmək qanunvericiliyinin və əməyin mühafizəsi tələblərinin işəgötürənlər tərəfindən düzgün və tam icra edilməsinin vacibliyi vurğulanıb.
Tədbirlərin sonunda qeyd olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.