Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir “Əmək qanunvericiliyində son dəyişikliklər və əmək müqavilələrinin elektron qaydada qeydiyyata alınması”, “Analığın mühafizəsi, qadınların əmək hüquqları və gender bərabərliyi”, eləcə də “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunub.
Tədbirdə Xidmətin Mərkəzi Aran regional şöbəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin, Əməyin Mühafizəsi Mərkəzinin, həmçinin region üzrə dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 120-dən çox nümayəndəsi iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib və bu dəyişikliklərin tətbiqinin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb. İşçi hüquqlarının qorunması, qadınların əmək hüquqları, analığın mühafizəsi və gender bərabərliyinin təmin edilməsi məsələləri müzakirə olunub, həmçinin qeyri-formal məşğulluğa qarşı mübarizədə məlumatlılığın artırılmasının önəmi qeyd edilib.
Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və standartların tətbiqinə göstərilən dəstək, eləcə də yeni qəbul edilmiş tələblər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.