Ağdaş rayonunda əməyin mühafizəsi, texniki təhlükəsizlik, fövqəladə hallara hazırlıq və risklərin idarə olunması mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və tabeliyindəki “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Ağdaş Rayon İcra Hakimiyyəti və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Dəyirmi masada Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarların təhlükəsizlik sahəsində qarşılaşdıqları praktiki çətinliklər dinlənilib, müəssisələrdə mövcud risklərin vaxtında müəyyənləşdirilməsi və düzgün idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir zamanı əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin yaradılması, texniki təhlükəsizlik tələblərinə riayət edilməsi, istehsalat və xidmət sahələrində risklərin idarə olunması, fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi və ilkin davranış qaydaları barədə məlumat verilib.
Həmçinin AZS ISO 45001:2021 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” dövlət standartının müəssisələrdə tətbiqi, “Vision Zero” modelinin təşviqi, sahibkarların qanunvericilikdən irəli gələn öhdəlikləri və preventiv tədbirlərin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, kiçik və orta sahibkarlıq subyektlərinin, istehsalat müəssisələrinin, kənd təsərrüfatı və emal şirkətlərinin, tikinti və xidmət sektorunun nümayəndələri, eləcə də SƏTƏMM üzrə mütəxəssislər iştirak ediblər.
40-dan çox iştirakçının qatıldığı dəyirmi masada sahibkarların sualları cavablandırılıb, mövcud çağırışlar ətrafında açıq müzakirələr aparılıb və praktiki həll yollarına dair təkliflər dinlənilib.