Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Bakı şəhəri 93 nömrəli tam orta məktəbdə növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə ümumi təhsil müəssisəsinin 40-a yaxın şagirdi iştirak edib. Görüş zamanı iştirakçılara əməyin mühafizəsinin cəmiyyət və fərdi sağlamlıq üçün əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı hüquq və vəzifələr, həmçinin tətbiq olunan standartlar və “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə məlumat verilib.
Şagirdlərin diqqətinə çatdırılıb ki, əməyin mühafizəsi tələblərinə riayət olunması xəsarət və risklərin qarşısının alınmasına, sağlamlığın qorunmasına və təhlükəsiz əmək mühitinin formalaşmasına xidmət edir.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.