Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərində fəaliyyət göstərən işəgötürənlərin əmək sahəsində maariflənmə işinə dəstək vermək məqsədilə "Əmək və icra intizamının təmin edilməsi qaydaları", "İş yerlərində əməyin mühafizəsi" mövzularına həsr edilmiş tədbir keçirib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inzibati binasında keçirilən tədbirdə Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından mütəxəssislər və müxtəlif sahələrdə fəaliyyət göstərən işəgötürənlərin yüzdən çox nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər barədə məlumat verib, iş yerlərində əməyin mühafizəsinin prioritet məsələlərdən olduğunu, bu istiqamətdə davamlı nəzarət, təlimlər və qabaqlayıcı tədbirlərin önəmli olduğunu qeyd edib.
Tədbirdə mövzular üzrə təqdimatlarla çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.