Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən daha 2 müəssisədə işçilərə əməyin mühafizəsinə dair praktiki təlim təşkil olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) və Şabran Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan təlimlərdə ümumilikdə 74 əməkdaş iştirak edib.
Təlimlər müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkili, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri mövzusunda təşkil olunub. Təlim zamanı əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, risklərin qiymətləndirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması və təsdiq edilmiş dövlət standartları ilə bağlı ətraflı məlumat verilib.
Bununla yanaşı, iştirakçılara “Vision Zero” konsepsiyasının əsas prinsipləri təqdim olunub, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Təlim çərçivəsində iş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, risklərin idarə olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı praktiki tövsiyələr də səsləndirilib.
Qeyd edək ki, təlimlər iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunması, peşə risklərinin vaxtında müəyyənləşdirilməsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində əməkdaşların bilik və bacarıqlarının artırılmasına, eləcə də əmək təhlükəsizliyi sahəsində məlumatlılığın və profilaktik yanaşmanın gücləndirilməsinə xidmət edib.