Əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunmasına dair maarifləndirici təlimlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində keçirilən növbəti təlim “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları üçün təşkil olunub. Təlimdə AZAL-ın 22 əməkdaşı iştirak edib.
Təlim çərçivəsində iştirakçılara “İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliklər”, “İstehsalatda baş vermiş bədbəxt hadisələr və icbari sığorta”, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik”, eləcə də “Əməyin mühafizəsi üzrə risklərin minimallaşdırılması məqsədilə süni intellekt əsasında idarə olunan tətbiqlər və fərdi mühafizə vasitələrinin istifadəsi” mövzularında təqdimatlar təqdim olunub.
Əməyin Mühafizəsi Mərkəzi, İcbari Sığorta Bürosu və Standartlaşdırma İnstitutunun nümayəndələri əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, həmçinin qəbul edilmiş standartların tətbiqi ilə bağlı çıxış ediblər.
Təlim interaktiv müzakirələr formatında davam etdirilib, iştirakçıların mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimlərin əsas məqsədi işəgötürən və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, eləcə də əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat vermək olub. Eyni zamanda istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların artırılması da təlimlərin əsas hədəfləri sırasında yer alıb.