“Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzrə yeniliklər və “DOST Müfəttiş” layihəsi Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İnsan Resursları və Əmək Komitəsinin növbəti görüşündə təqdim olunub.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşları, AmCham Azərbaycana üzv şirkətlərin nümayəndələri və özəl sektor təmsilçiləri olmaqla 180-ə yaxın şəxs iştirak edib.
İştirakçılara əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək qanunvericiliyindəki son dəyişikliklər, işəgötürənlər üçün yaradılan yeni imkanlar, eləcə də əmək müqavilələrinin elektronlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
“DOST Müfəttiş” layihəsi çərçivəsində müəssisələrdə əmək qanunvericiliyi, əməyin mühafizəsi, insan resurslarının idarə olunması və ƏMAS üzrə aparılan qiymətləndirmələrin nəticələri təqdim olunub. Həmçinin layihə çərçivəsində müəssisələr üçün təşkil olunan təlim proqramları və konsultasiya dəstəyindən danışılıb.
Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyasında iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ƏMAS-ın tətbiqi və əmək qanunvericiliyinin icrası ilə bağlı suallar cavablandırılıb.