Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər üçün təşkil edilmiş “Əmək və məşğulluq” altsisteminə əlavələr ilə bağlı təlimlər yekunlaşıb
Son belə təlim Abşeron-Xızı, Lənkəran-Astara və Mil-Muğan regionlarının işəgötürənlərini əhatə edib. Onlayn görüşə 100 nəfərədək işəgötürənin nümayəndəsi qatılıb.
Təlimdə iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağırlıq və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarının əmək müqaviləsinin elektron formasına əlavə edilməsi, “Əmək və məşğulluq” altsisteminə işəgötürən tərəfindən əmək müqaviləsi daxil edilən zaman əmək məzuniyyəti günlərinin qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla qeyd olunması funksionallığı və s. barədə məlumatlar verilib.
Yeniliklərlə bağlı altsistem üzərindən interaktiv formada izahlar verilib, işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildirək ki, bu tip təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.