Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi müəssisələrdə əməyin mühafizəsi norma və qaydaları ilə əməyin mühafizəsi sisteminin qurulmasına dair əməkdaşlıq layihələrinə başlayıb.
Bu istiqamətdə ilk layihə olaraq, Mərkəzlə “Azerfloat” QSC arasında imzalanmış əməkdaşlıq sənədi əsasında həmin şirkətdə əməyin mühafizəsi normaları, standartları və qaydalarının tətbiqi, işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması və risklərin idarə olunması istiqamətində birgə işlər aparılıb.
Beləliklə, müəssisədə işçilər üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nümunəvi şəraitin yaradılması təmin edilib.
Növbəti mərhələ olaraq əməyin təhlükəsizliyi sistemi ilə bağlı əyani tanışlıq və bu sahədə praktik məlumatlar əldə etmələri üçün müəssisəyə işəgötürənlərin əməyin mühafizəsinə cavabdeh nümayəndələrinin iştirakı ilə ilk infotur təşkil olunub.
İnfotur zamanı istehsalat prosesi yaxından izlənilib. Qonaqlara proseslərin təhlükəsizliyi və bu istiqamətdə görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu tədbirlər ölkədə əməyin mühafizəsi üzrə maarifləndirmə işlərinin genişləndirilməsi ilə yanaşı, işəgötürənlər tərəfindən əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin qanunvericiliyə uyğun təşkil edilməsinə dəstək məqsədi daşıyır.