Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi tərəfindən “Avromed” şirkətinin əməkdaşları üçün əməyin mühafizəsi üzrə növbəti praktiki təlim təşkil olunub.
Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi işinin təşkili, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri mövzusunda keçirilən təlimdə şirkətin 15 əməkdaşı iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, iş yerlərində mövcud təhlükə və risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə, eləcə də iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı məlumat verilib.
Həmçinin əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartları, iş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi və risklərin effektiv idarə olunması ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Təlim çərçivəsində iştirakçılara “Vision Zero” konsepsiyasının əsas prinsipləri də təqdim olunub. Təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasında preventiv yanaşmanın, əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsinin və işçilərin bu prosesdə fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Praktiki təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində tövsiyələr verilib.
Təlim əməkdaşların əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılmasına, peşə risklərinin vaxtında müəyyənləşdirilməsinə, təhlükəsiz əmək vərdişlərinin formalaşdırılmasına və iş yerlərində profilaktik yanaşmanın gücləndirilməsinə xidmət edib.