Əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbiri Gəncə şəhərində yerləşən fərdi mühafizə vasitəsi olan qoruyucu əlcəklər istehsal edən müəssisədə təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən tədbirdə 20-yə yaxın şəxs iştirak edib.
Görüş zamanı iştirakçılara əməyin mühafizəsinin cəmiyyət və fərdi sağlamlıq baxımından əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı hüquq və vəzifələr, tətbiq olunan standartlar, eləcə də “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, əməyin mühafizəsi tələblərinə riayət edilməsi xəsarət və risklərin qarşısının alınmasına, sağlamlığın qorunmasına və təhlükəsiz əmək mühitinin formalaşdırılmasına xidmət edir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.