Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin Gəncə şəhərində yaşayan ailələrini ziyarət ediblər.
Bu çərçivədə Xidmət əməkdaşları Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş İsmayılzadə Müşfiq Xanlar oğlunun ailəsi ilə görüşüblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə M. İsmayılzadə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Eyni zamanda, Xidmət əməkdaşları Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rəşad Fərəməz oğlunun ailəsini də ziyarət ediblər. R. Məmmədov göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüşlər zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışılıb, onların xatirəsinin daim yaşayacağı vurğulanıb, ailələrin sosial vəziyyəti ilə maraqlanılıb.
Qeyd olunub ki, şəhid ailələrinin sosial müdafiəsi və rifahının təmin edilməsi dövlətin daimi diqqət mərkəzindədir və bu istiqamətdə dayanıqlı dəstək tədbirləri gələcəkdə də davam etdiriləcək.