Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində gender bərabərliyi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Xidmətin Abşeron-Xızı regional şöbəsi tərəfindən təşkil olunan tədbirdə 40-a yaxın işəgötürən və onların nümayəndəsi iştirak edib.
Maarifləndirmə tədbirində əmək münasibətlərində bərabər yanaşma prinsipinin təmin olunması, işə qəbul, əmək şəraiti, əməkhaqqı, vəzifə bölgüsü və karyera imkanları zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi barədə məlumat verilib.
Həmçinin iş yerlərində ayrı-seçkiliyin qarşısının alınması üzrə işəgötürənlərin üzərinə düşən vəzifələr, sağlam əmək mühitinin formalaşdırılması və işçilərin hüquqlarına hörmətlə yanaşılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, gender bərabərliyinin təmin olunmasının əmək münasibətlərində ədalətli və səmərəli iş mühitinin formalaşmasına töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planına əsasən təşkil olunub.