Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir.
Gəncə şəhərində işəgötürənlər üçün təşkil olunan növbəti maarifləndirmə tədbiri “İstehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığorta” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunub.
Tədbirdə Xidmətin Gəncə-Daşkəsən regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 30-dan çox nümayəndəsi iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbir zamanı istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığortanın tətbiqi mexanizmi, işəgötürənlərin öhdəlikləri və iş yerlərində əməyin mühafizəsinin təmin olunmasının əhəmiyyəti iştirakçılara izah edilib.
Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və bu sahədə görülən işlər barədə məlumat təqdim olunub, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və standartların tətbiqinə göstərilən dəstək və yeni qəbul edilmiş tələblər barədə iştirakçılar məlumatlandırılıb.
Tədbirin sonunda mövzular üzrə iştirakçıların sualları cavablandırılıb.