Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi (Mərkəz) ilə birgə Quba şəhərində “Qadınların əmək hüquqları” və “Əməyin mühafizəsi anlayışı, Mərkəzin fəaliyyət istiqamətləri” mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Quba-Xaçmaz regionunda yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 100 nəfərdən çox şəxs iştirak edib.
Görüş zamanı qadınların əmək hüquqlarına aid təqdimatlarla çıxışlar edilib.
İştirakçılara qadınların əmək hüquqları həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında ətraflı məlumat verilib.
Həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi haqqında ətraflı məlumat verilərək bildirilib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Sonda iştirakçıların hər iki mövzu üzrə sualları cavablandırılıb.