Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İsmayıllıda “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Dağlıq Şirvan regional şöbəsinin əhatə etdiyi rayonların müəssisələrinin işəgötürənləri olmaqla, 80 nəfər şəxs iştirak edib.
Ümummilli lider Heydər Əliyevin 100 İlliyi münasibəti ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Xidmətin Dağlıq Şirvan regional şöbəsinin əməkdaşları təqdimatla çıxış ediblər.
Əməyin mühafizəsi normaları və qaydalarının müəyyən edildiyi qanunvericiklik aktları, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə ətraflı məlumat verilib. Həmçinin qeyd edilib ki, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.
Eyni zamanda istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması prosesi barədə işəgötürənlər məlumatlandırılıb və istehsalatda baş verən bədbəxt hadisələrdən sığortanın önəmi diqqətə çatdırılıb.
Sonda əmək qanunvericiliyi üzrə suallar cavablandırılıb.