Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Kamran Rasim oğlu Əliyevin ailəsini ziyarət ediblər.
Lənkəran rayonunun Aşağı Nüvədi kəndində anadan olan Kamran Əliyev Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 12-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə davamlı qayğı tədbirləri həyata keçirilir.