Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Orxan Elxan oğlu Quluzadənin ailəsini ziyarət ediblər.
Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Orxan Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Zəngilanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları, eləcə də “Qarabağ” ordeni ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə davamlı qayğı tədbirləri həyata keçirilir.