Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəhbərliyi Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar Masallı rayonunun Viləş kəndində 2016-cı il Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin ailəsini ziyarət edib.
Viləş kəndində anadan olan Nurlan Əsgərli 2016-cı ilin aprelində Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Onun böyük qardaşı, Xüsusi Təyinatlı Qüvvələrin giziri İntiqam Əsgərli Vətən müharibəsi zamanı Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və 2020-ci il noyabrın 9-da Şuşa istiqamətində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə İntiqam Əsgərliyə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ziyarət zamanı şəhidlərin ev-muzeyi ilə tanışlıq olub, onların keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, xatirələrinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə ailə üzvlərinin fikirləri dinlənilib, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açılıb. Şəhid ailəsi dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razı olduğunu bildirib.