Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları" və "Qeyri-formal məşğulluğun qarşısının alınması" mövzularında növbəti maarifləndirmə tədbiri keçirib.
Görüşdə 22 dövlət və qeyri-dövlət müəssisəsindən 32 nümayəndə iştirak edib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Nəsimi Yusifov iştirakçılara işçilərin əməyinin mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və iş yerlərində attestasiyanın keçirilməsi ilə bağlı ətraflı məlumat verib.
Daha sonra Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov “İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları” mövzusunda təqdimatla çıxış edərək tədbir iştirakçılarını iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsi qaydaları barədə məlumatlandırıb.
Tədbirdə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Aqşin Kamilli tərəfindən “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusunda iştirakçılara geniş məlumat verilib.
Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.