Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi ilə birgə Naxçıvan Muxtar Respublikasında "Qeyri-formal məşğulluğun qarşısının alınması" mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin işəgötürənlər iştirak edib.
Təqdimatlar vasitəsilə mövzular üzrə çıxışlar edilib. Qeyri-rəsmi məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə, işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur. Qarşıda duran əsas məqsədin ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti gücləndirmək, bu sahədə koordinasiyalı fəaliyyəti təmin etmək, qeyri-formal məşğulluğun qarşısını almaqdan ibarət olduğu vurğulanıb.
Mərkəzin əməkdaşı öncə qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standart, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir. Eyni zamanda istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta barədə qanunvericiliyin tələbləri qonaqların diqqətinə çatdırılaraq iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları izah edilib.
Tədbirdə həmçinin işəgötürənlərə “Business Ready” hesabatı barədə məlumat verilib.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.