Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Əmək qanunvericiliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, həmçinin digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
İştirakçılara əmək qanunvericiliyinin əsas prinsipləri, işçi və işəgötürən arasında qarşılıqlı hüquq və vəzifələr, əmək müqavilələrinin bağlanması və ləğv olunması prosedurları, iş şəraiti, sosial müdafiə mexanizmləri və dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı da çıxış edərək, Mərkəzin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. O, müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulayıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, tədbir “İnsan hüquqları aylığı” çərçivəsində, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2025-ci il üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi barədə” əmrinin icrası ilə bağlı təşkil olunub.