Naxçıvan Muxtar Respublikasında əmək qanunvericiliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən təşkil olunan tədbirdə dövlət və özəl sektorlarından ümumilikdə 50 nəfər iştirak edib.
Tədbirdə çıxış edənlər Xidmətin fəaliyyət istiqamətləri, vəzifə və səlahiyyətləri barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsinin təmin edilməsi, eləcə də təhlükəsizlik normalarına riayət olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının nümayəndəsi çıxış edərək müəssisələrdə əməyin mühafizəsi üzrə standart və qaydaların tətbiqi, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları barədə ətraflı məlumat təqdim edib.
Əmək qanunvericiliyinin tələbləri, işəgötürən və işçilərin hüquq və vəzifələri, eləcə də əmək münasibətlərinin düzgün tənzimlənməsi sahəsində məlumatlılığın artırılmasına xidmət edən tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.