Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Naxçıvan şəhərində “AZS ISO 45003:2024” standartı üzrə təlim keçirilib.
Təlimdə şəhərdə fəaliyyət göstərən 16 müəssisənin əməyin mühafizəsi üzrə 19 mühəndisi iştirak edib.
Tədbir zamanı “AZS ISO 45003:2024 Peşə sağlamlığını və təhlükəsizliyini idarəetmə – İş yerində psixoloji sağlamlıq və təhlükəsizlik – Psixososial risklərin idarə edilməsi üzrə rəhbəredici göstərişlər” standartının əsas müddəaları barədə məlumat verilib.
Həmçinin iş yerində psixoloji sağlamlığın və təhlükəsizliyin təmin edilməsi, psixososial risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması, eləcə də bu risklərin işçilərin sağlamlığına və əmək fəaliyyətinə təsiri izah olunub.
Təlimin keçirilməsində əsas məqsəd əməyin mühafizəsi üzrə mütəxəssislərin bu sahədə biliklərinin artırılması, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin formalaşdırılması və işçilərin rifahının qorunmasıdır.
Əməyin mühafizəsi sahəsində maarifləndirici tədbirlər və təlimlər təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılması məqsədilə davam etdirilir.